DİN-dən əhaliyə koronavirus XƏBƏRDARLIĞI - VİDEO


Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, “COVİD-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır.



Daxili İşlər Nazirliyindən AFN-ə verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 “COVID-19” xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyə olunur.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu