Erməni polkovnik Naftalanda müalicə olunur - FOTO
Noyabrın 23-də Rusiya sülhməramlıları, Azərbaycan Silahlı Qüvvələrinin, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bir qrup nümayəndələri ölən hərbçilərin cəsədlərinin mübadiləsi üçün Tərtər bölgəsində ölənlərin axtarışlarını aparıblar. Axtarışlar zamanı rayonun Suqovuşan qəsəbəsi ərazisində mina partlayıb.
Hadisə nəticəsində korpus komandirinin müavini polkovnik Babək Səmidli həlak olub. Rusiya sülhməramlı qüvvələrinin bir zabiti də yaralanıb.
Lakin erməni blognews.am nəşrinin məlumatına görə, mina partlayan zaman adı açıqlanmayan Ermənistan ordusunun polkovnik-leytenantı da yaralanıb.
Erməni nəşri adı açıqlanmayan polkovnik-leytenantın həyat yoldaşına istinad edərək yaralı yüksək rütbəli zabitin Dağlıq Qarabağa deyil, Azərbaycanın Naftalan şəhərindəki xəstəxanaya aparıldığını qeyd edib.
“Azərbaycanlı hərbçilərdən biri zabiti çarəsiz görüb, rus sülhməramlısı ilə birlikdə həyat yoldaşımı Naftalana aparmağı təklif edib. O həyat yoldaşımın təhlükəsizliyinə məsul olduğuna əmin edib. Orada Ermənistanın müvafiq qurumları olub, niyə həyat yoldaşımı çarəsiz vəziyyətdə qoyublar?", - nəşr yaralı erməni polkovnik-leytenantın həyat yoldaşından sitat gətirib.