İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Politoloq
"Hətta mən gözləyirəm ki, paraddan sonra Prezident İlham Əliyev və Ərdoğan münasib bir zaman seçib işğaldan azad olunan rayonlara birgə səfər edəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək Qələbə paradında iştirakını şərh edərkən deyib. Onun fikrincə, Ərdoğanın Bakıda olması doğru strategiyadır:
"Möhtəşəm bir gün olacaq. Çünki Azərbaycan Qarabağ müharibəsində böyük zəfər qazandı. Əlbəttə ki, bunu böyük təntənə ilə qeyd etmək lazımdır. Bu problemin həllində Türkiyə bizə hər cür dəstək verib. Biz bunun da şahidi olacağıq. Hətta onların Şuşaya da getməsi gözlənilir”.
Elxan Şahinoğlu bildirib ki, paradda Ermənistan silahlı qüvvələrindən qənimət kimi ələ keçirdiyimiz texnikalar da nümayiş olunacaq: "Bu da düşmənə növbəti zərbə olacaq”.
Politoloq onu da əlavə edib ki, bunula paralel türk hərbiçilərinin bölgədə yerləşdirilməsi məsələsinin də bu səfər çərçivəsində nöqtəsi qoyulacaq: "Çünki artıq cəmiyyət də bunu çoxdan gözləyir. İstəyir ki, Türkiyə hərbçiləri Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə birgə yerləşsin və azərbaycanlılar qayıdacaqları vaxt təhlükəsizliyə təminat alsınlar. Bu bölgədə Rusiya hərbiçiləri nə qədərdirsə, eyni ilə Türkiyə hərbiçisi də olmalıdır”.
Qeyd edək ki, dekabrın 10-da Bakıda Qələbə paradı keçiriləcək. Paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.