Kamran Əliyev intihara cəhd hadisəsini nəzarətə götürdü
Baş Prokurorluğun Mətbuat xidməti intihara cəhd hadisəsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən “Bakı Taksi xidməti” MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edilən hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.