İqtisadçı alim Azərbaycanın istifadə edəcəyi Çin peyvəndindən yazdı
İqtisadçı alim Qubad İbadoğlu Azərbaycana təklif olunan "Çin istehsalı olan "Sinovac” peyvəndinin effektivliyini açıqlayıb.
Ekspert bildirib ki, Braziliyanın Butantan İnstitutu "Sinovac" peyvəndinin analizindən əldə etdiyi nəticələrə görə, peyvəndin effektivlik səviyyəsi 50% və 90% arasındadır: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, "Çin istehsalı olan "Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq. Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.
Dünyanın aparıcı mətbu orqanları "Sinovac” peyvəndinin sınağı barədə belə yazırlar. Braziliyanın Butantan İnstitutu "Sinovac" peyvəndinin analizi üçün 151 infeksiya sınağından əldə etdiyi nəticələrin elanını 3 dəfə təxirə salıb. Onların açıqladığı son məlumata görə, bu peyvəndin effektivlik səviyyəsi 50-90% arasındadır. "Sinovac"ın İndoneziyalı ortağı Bio Farmın 1700 könüllünün iştirak etdiyi sınağının ilkin nəticələrinə görə, peyvəndin effektivlik səviyyəsi yüzdə 97-dir. Bir neçə gün əvvəl, Türkiyə peyvəndin təsir dərəcəsinin yüzdə 91,25 olduğunu açıqlayıb. Türklərin araşdırması 1322 iştirakçıdan alınan nəticələrə əsaslanır.
Birləşmiş Ərəb Əmirlikləri "Sinopharm” peyvəndlərinin "infeksiyalara qarşı yüzdə 86 təsirli olduğunu” açıqlasa da, söhbətin konkret olaraq hansı növ peyvənddən getdiyini bildirməyib. Belə ki, "Sinovac" "Sinopharm”ın istehsal etdiyi 2 peyvənddən biridir".
Qubad İbadoğlu qeyd edib ki, Çin Afrikaya peyvəndlərin göndərilməsi və paylanması üçün soyuq zəncirli körpü yaratmağı planlaşdırır:
"Hazırda Çinin vaksinlərinə Pakistan, İndoneziya, Çili, Braziliya, Türkiyə daha çox maraq göstərir. Çinin marağı isə peyvənd diplomatiyası vasitəsilə daha çox ölkələrə peyvənd satmaqdır".