Yanvarın 18-də karantin qaydaları yumşaldılacaq? - TƏBİB-dən açıqlama


"Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması ilə bağlı heç bir məlumatım yoxdur. Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma statistikasına baxaraq qəbul edə bilir”.



Qaynarinfo xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

"Ölkədə elan olunan karantin rejimi qaydalarından sonra koronavirusla bağlı nəticələr yaxşıdır. Sərtləşdirilmiş karantin rejimi barədə qərar verəndə dörd mindən çox yoluxma sayı var idi və bunun nəticəsi olaraq, xəstəxanalarda yataqların dolması, hətta intensiv terapiya və reanimasiya şöbələrinin dolması çox təhlükəli bir həddə gəlib çıxmışdı” deyə Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, sərtləşdirilmiş karantin nəticəsində yoluxma sayı 1000-dən aşağıdır: "Yoluxma sayının sağalma sayından az olması o deməkdir ki, xəstəxanalarda yataqların sayı azalır, xəstələrin müalicəsi daha da yaxşılaşır. Yoluxma sayının rəqəmi ilə aparılan testin sayı əlaqəlidir. Biz heç vaxt situasiyanı rəqəmlə qiymətləndirmirik. Burada yoluxmanın faizinə baxmaq lazımdır ki, aparılan testlərin neçə faizində pozitiv nəticə çıxır. Faizdə ciddi enmələr var”.

TƏBİB rəsmisi bildirib ki, yayda ölkədə COVID-19-a yoluxmanın sayında artım olan zaman bu xəstəliyi keçirənlər arasında təkrar yoluxma halları müşahidə edilib: "Bu gün koronavirusla mübarizədə bütün ümidimiz vaksinasiya ilə əlaqəlidir. Artıq bir ildir ki, bu xəstəliklə yaşayırıq. Yoluxub, heç bir immuniteti yaranmayan insanlar oldu. Buna görə koronavirusa qalib gəlmək üçün vaksin mütləqdir. Biz Türkiyəyə səfər etdikdə, peyvənd vurduran insanlarla görüşdük və ümidlərimiz artdı”.

O qeyd edib ki, vaksinin seçimində əsas xüsusiyyət onun təhlükəsizliyi və effektivliyidir: "Hazırda hansı peyvənlərin insanlara vurulması müzakirə olunur. Yaxın vaxtlarda bu barədə açıqlama veriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bununla da əhalimizin 10 faizinə peyvənd vurulması üçün vaksinlər gözləyirik. GAVI tərəfindən Azərbaycana hansı vaksinlərin verilməsi barədə hələlik məlumat yoxdur. Biz onlara necə peyvənd istədiyimizi bildirə bilirik. Təşkilatdan aprel ayına peyvəndi gözləyirik. Artıq qış keçmiş olacaq, bu da bizim üçün zaman itkisi ola bilər. Hazırda Avropada insanlara peyvənd vurulmasına başlanılıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik. Vaksinlərin vurulması ilk olaraq risk qruplarına şamil olunacaq. Yaxın günlərdə əhaliyə vaksinlər barədə geniş məlumatlar veriləcək. Peyvəndin yarada biləcəyi allergik reaksiya ola bilər. Bundan heç kim sığortalanmayıb. Bu, o demək deyil ki, peyvəndlər təhlükəlidir”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu