Berti Foqts: "Avropa çempionatı təxirə salınmalıdır"


Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts AVRO-2020-nin təxirə salınmasını istəyir.



"Report"un məlumatına görə, 74 yaşlı mütəxəssis bu barədə "T-online.de" saytına açıqlama verib.

Təcrübəli baş məşqçi UEFA-ya müraciət ünvanlayıb: "Məni təəccübləndirən turnirə ev sahibliyi edən UEFA-dan heç kimin heç nə eşitməməsidir. Buna görə Almaniya millisinin keçmiş baş məşqçisi kimi özüm quruma müraciət edirəm: Avropa çempionatını təxirə salın. İndi cavab verin, əks təqdirdə, gec olacaq".

Berti Foqts yarışın dekabrın ortalarına təxirə salınmasını təklif edib. Mütəxəssis AVRO-2020-nin yayda gerçəkləşməsini dəlilik adlandırıb: "O vaxta qədər azarkeşlər yenidən stadionlara buraxıla bilər, çünki insanlar peyvənd olunacaq. Futbol azarkeşi olaraq demək istəyirəm ki, Avropa çempionatı dünyanın ən gözəl və həyəcanlı idman hadisələrindən biridir. Məhz bu səbəbdən, yarışı bir daha təxirə salmalıyıq. Misirə nəzər yetirin: Hazırda pandemiya pik həddə olarkən həndbol üzrə dünya çempionatı davam edir. Bu, fəlakətdir. Futbol çempionatı da yalnız koronavirusla bağlı vəziyyətə nəzarət edən ölkədə təşkil olunmalıdır. Lakin iyunda yox, dekabrda".

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu