İlham Əliyev: “Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”
“Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”.
AFN xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən deyib.
"İşğaldan azad edilmiş digər ərazilərə gəldikdə isə, məsələn, Kəlbəcər, Laçın rayonlarında həm Ermənistan vətəndaşlarının, həm də əsasən diaspordan olan ermənilərin süni şəkildə məskunlaşdırılması aparılıb. Lakin noyabrın 10-da imzalanmış Bəyanata müvafiq olaraq, işğalçılar həmin əraziləri tərk edəndə, onlara təxminən 20 gün vaxt verilmişdi, bu müddətdə onlar özlərinin tikmədiyi, qanunsuz olaraq soxulduqları evləri yandırır, meşələri qırır, bütün infrastrukturu məhv edirdilər. Laçın və Kəlbəcər rayonlarında 10-dan çox su elektrik stansiyası vardı, onlar hamısı dağıdılıb, yəni bu, barbarlıqdır. Bütün dünyanın gözü qarşısında buna, sadəcə, başqa ad vermək mümkün deyil”, - dövlət başçısı bildirib.