Qənirə Paşayevadan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik təklifi


Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva MM-in bugünkü plenar iclasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib və dəyişiklilkərin bu sahənin inkişafına təkan olacağını deyib.



Qənirə Paşayeva “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin, qanunun 27-ci maddəsinə bir sıra vacib dəyişikləri nəzərdə tutduğunu deyib: “Qeyd edim ki, Qanunun 27-ci maddəsi ictimai varidata aid edilən əsərlərin və obyektlərin dairəsini müəyyən edir. Buraya müəlliflik hüququnun qüvvədə olma müddəti bitmiş əsərlər, heç vaxt qorunmamış əsərlər, eləcə də Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri aiddir.

Qeyd olunan əsərlərin, o cümlədən Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərin ictimai varidata aid edilməsinin məqsədi onların istifadəsinə müəllif nəzarətinin olmaması səbəbindən hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunmasıdır.

Eyni zamanda qanunda ictimai varidat dairəsinə aid edilən əsərlərin dövlət varidatı elan edilə bilməsi təsbit edilmişdir. Əsərin dövlət varidatına aid edilməsi həmin əsərdən istifadənin ödəniş əsasında həyata keçirilməsinə hüquqi əsas yaradır.

Təklif olunan qanun layihəsi aşağıdakıları nəzərdə tutur:

1) İctimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması.

Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması təsdiq edilmiş qaydalar əsasında müvafiq dövlət qurumu tərəfindən həyata keçiriləcəkdir və qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib ediləcəkdir;

2) Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi.

Bu məqsədlə həmin qonorarlar müvafiq dövlət qurumunun hesabına köçürüləcəkdir.

Qanun layihəsi Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərinin qorunub yaşadılmasına, eləcə də müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsinin səmərəliyinin artırılmasına yönəlmişdir.

Həmkarlarımı bu vacib dəyişikliklərə səs verərək dəstəkləməyə çağırıram”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu