Erməni HHM-in Qarabağdan çıxarılmasının arxasında nə dayanır?- ŞƏRH
"Ermənistan silahlı qüvvələrinin birləşmələri mərhələli şəkildə Qarabağdan çıxarılır. Xankəndidəki Hava Hücumundan Müdafiə sistemlərinin Ermənistana daşınması bu prosesin tərkib hissəsidir”.
Bu sözləri hərbçi ekspert Ramil Məmmədli Xankəndidəki Hava Hücumundan Müdafiə sistemlərinin Ermənistanın Gorus rayonuna daşınması ilə bağlı məlumatları Qaynarinfo üçün şərh edərkən deyib.
Ekspert erməni silahlı birləşmələrinin hələ də Qarabağda qalmasının səbəblərinə də aydınlıq gətirib:
"Qarabağda Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərinin qalması ermənilərin müharibəyə hazırlığı kimi qiymətləndirilə bilərdi. 10 Noyabr bəyanatında və prezidentlərin Moskva görüşündə silahlı qüvvələrin ərazidən çıxarılması məsələsi yer alıb. Bu baxımdan Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılır. Ermənistan tam olaraq bütün silahlı qüvvələrini ərazilərimizdən çıxarmalı idi. Amma proses ləngiyir. Səbəb kimi də illərlə Qarabağa yerləşdirdikləri ağır texnikaları göstərirlər. 30 il ərzində yerləşdirdikləri texnikaları çıxarmaq üçün də zaman lazımdır. İndi mərhələli şəkildə hərbi texnikaların Ermənistana daşınması prosesi gedir. Əvvəlcə yüngül atıcı silahlar və silahlı qüvvələrin bir hissəsi çıxarılmağa başlandı. İndi isə ağır hərbi texnikalar ərazidən çıxarılır”.