Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kənd sakini Orxan Quliyevin başdaşı hələ də qoyulmayıb. Bu barədə "Qafqazinfo"ya şəhidin atası Bəxtiyar Quliyev məlumat verib. O qeyd edib ki, sözügedən kənddən oğlu ilə birgə daha 3 nəfər şəhid olub və onların da məzar daşları qoyulmayıb:
"Biz 3 şəhid ailəsi bununla bağlı İcra Hakimiyyətində olmuşuq. Dünən elə digər şəhid Aqil Hüseynovun atası icra başçısıyla da görüşüb. Başçı bildirib ki, rayonda 200-ə yaxın şəhid var və onların hamısına başdaşını qoydurmaq onların səlahiyyətlərinə aid deyil. Bunun üçün pul ayrılmalı olduğunu vurğulayıb.
Əgər hökumət, yaxud icra hakimiyyəti bunu etməyəcəksə, biz işimizi bilmək istəyirik. Belədirsə, başdaşını mən qoyum. Oğlum oktyabrın 15-də dəfn edilib. Hələ də başdaşı yoxdur. Bizə əvvəl verilən 3000 manat yardımın dəfn mərasiminin təşkili üçün olduğunu demişdilər. Mənim oğlum ölkə başçısı tərəfindən "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Elə Cəbrayılda da şəhid olub. Subay idi. Qeyd edim ki, bizə dövlət tərəfindən digər ödənişlər verilib".
Qeyd edək ki, sözügedən kənddən şəhid olan digər 2 nəfər isə Aqil Hüseynov və Fərid Vəliyevdir. Onlar da oktyabr ayında dəfn edilib və Prezident tərəfindən medallarla təltif ediliblər.
"Qafqazinfo" məsələylə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərimizə cavab verən olmayıb.