Multikulturalizm Mərkəzi Kəmaləddin Heydərovun həyat yoldaşından 97 min manata ofis icarəyə götürdü
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəyə götürülməsi üçün Heydərova Ruhəngiz Muxtar qızı ilə bu il yenidən satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 5 yanvar - 31 dekabr 2021-ci il tarixləri üçün icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Ruhəngiz Heydərovaya 97 min 680 manat ödəyəcək.
Xatırladaq ki, Multikulturalizm Mərkəzi ötən il ərzində də ofisin icrası məqsədilə Ruhəngiz Heydərova ilə müqavilə imzalamışdı və 20 fevral - 31 dekabr 2020-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin dəyəri 48 min 840 manat olmuşdu.
Heydərova Ruhəngiz Muxtar qızının adı, soyadı və ata adı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının adı, soyadı və ata adı ilə eynidir. Mediada yayılan məlumatlara görə, Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın fəaliyyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzininin fəaliyyət sahəsilə eynilik təşkil edir. Belə ki, Kəmaləddin Heydərovun həyat yoldaşı "SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir.
Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur…