Vasif Əliyev: "Novruz bayramında sıx gediş-gəliş yoluxma sayını artıra bilər"


“Koronavirusa yoluxma sayı ilə bağlı vəziyyət ürəkaçan deyil”.



Bunu APA-ya infeksionist Vasif Əliyev deyib. O bildirib ki, bu, gözlənilən bir hal idi: “Karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artması ilk dəfə deyil. Əvvəl də bu hal müşahidə olunmuşdu. Yumşaldılmalardan sonra insan təması daha da artdığı üçün yoluxma sayında da artma gözlənilir. Restoranlar, ictimai nəqliyyat işləyirsə, insanlar daha rahat hərəkət edir. Doğrudur, maska taxılması zəruridir, amma qapalı məkanlarda yemək yeyəndə maskadan istifadə etmək olmur. Yoluxmanın qarşısı alınmazdır. Qarşısını almaq üçün davamlı karantin rejimində qalmalıyıq, bu da uzun müddət davam edə bilməz”.

V.Əliyev qeyd edib ki, yoluxma sayı insanların bir-birinə qonaq getməsi, sıx təması nəticəsində artır: “Bu baxımdan Novruz bayramında insanların sıx gediş-gəlişinin olması yoluxma sayının artmasına təsir göstərə bilər. Hər kəs bayramı evində qeyd etməyə, bir-biri ilə çox sıx təmasda olmamağa çalışmalıdır. Əks təqdirdə insanlar xəstəliyin yayılmasına təkan vermiş olarlar. Yeganə yol hər kəsin bayramı ailəsi ilə evində qeyd etməsidir”.

İnfeksionist hazırkı vəziyyətlə bağlı hansısa tədbirin görülməsinə ehtiyac görmədiyini bildirib. Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır: “Maska taxılması, sosial məsafənin gözlənilməsi, gigiyena qaydalarına əməl edilməsi hər bir şəxsdən asılı olan qaydalardır. Bunlara hər kəs riayət etməlidir. Bundan başqa, aparılan peyvəndləmə siyasəti də müsbət addımdır. Ancaq vaksinasiya prosesi davam etdiyi müddətdə, əhalinin əksər hissəsi peyvənd olunmadığı halda bu risk davam etməkdədir. Dövlət tərəfindən zəruri addımlar atılır. Bilirik ki, 50 yaş üzərində insanlar peyvənd olunmalıdır. Peyvənd olunmayanlar varsa, qısa zamanda poliklinikalara müraciət edib, peyvənd vurdursunlar. Ehtiyat tədbirlərini əldən verməməliyik. Peyvənd olunmalı, insan təmasından qaçmalı, qaydalara riayət etməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu