Sumqayıtda reyd keçirildi, mağazalara maskasız daxil olanlar cərimələndi - VİDEO
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mütəmadi olaraq keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.
Reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, sürücülərə xəbərdarlıq edilib.
Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib.
Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən cərimələniblər.
Tədbirlər çərçivəsində insanların sıx toplaşdığı bank və digər obyektlərin qarşısında sosial məsafənin gözlənilməsi polis əməkdaşları tərəfindən təmin edilib.
"Bir daha vətəndaşlardan xahiş və tələb olunur ki, koronavirusla mübarizədə ən effektiv üsullardan olan sosial məsafəni qorumaqla bərabər, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan mütəmadi olaraq istifadə etsinlər", - Mətbuat xidmətindən bildiirlib.