Qazilər Mikayıl Cabbarova səsləndilər: Bizim hesabımıza qənaət etməyin!
Bu son döyüşlərin Qazisi Hacı Vəliyev - döyüşdə bir gözünü itirib, digər gözünün də görmə faizi 7-9 faizə düşüb! Ona III dərəcə müharibə əlili statusu verilib. Özünün də xəbəri olmadan Müdafiə Nazirıiyi elektron formada müvafiq nazirliklərə göndərib və Qaziyə III qrup təyin edilib. Qazi qardaşımız bu qərardan narazıdır. Elə mən də narazıyam. Və düşünürəm ki, ona II dərəcə verilməlidir.
AFN xəbər verir ki, bunu Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib. O qeyd edib ki, ümumiyyətlə, Qazilərin əlillik dərəcələrinə özəl yanaşma olmalıdır: "Lazımdır ki, qanuna dəyişiklil edilsin. Bu məsələdə avropanın standartları ilə yanaşma yolverilməzdir. Kobud səhvdir. Çünki son 70 ildə heç bir Avropa ölkəsinin ərazisində müharibə olmayıb, yüzlərlə Qazisi yoxdur.
Ölkədə Hacının məsələsinə adiyyəti olan hər kəs bunu bilir. Amma heç kəs əlac etmir. Qazimiz 2 dəfə intihara cəhd edib, qarşısını alıb insanlar. Allah üçüncüsündən saxlasın. Belə olmaz! Əldə etdiyim məlumata görə, həm hərbçilərin 1 qat maaş məsələsi, Qazilərin yaralanmaq və əlillik dərəcələrinin azaldılması, kəsilməsi məsələsini nazirlərə, digər strukturlara Mikayıl Cabbarov (iqtisadiyyat naziri - red.) tapşırıb. Adam qəti şəkildə bu yolla büdcəyə qənaət edilməsini tələb edir! Qılıncının dalı-qabağı da kəsir deyə heç kəs ona bir söz deyə bilmir! Üzümü çox hörmətli Mikayıl Cabbarova tutub deyirəm: Mikayıl müəllim, qənaət yaxşı şeydi, amma hərbçinin, Qazinin hesabına yox! Ölkədə yazdığım məsələrlə bağlı ciddi narazılıq var! Bunun axırı yaxşı olmayacaq! O yaxşı olmayanda meydana siz yox, yenə bu Qazilər çıxacaq, dövlətimizə, onun başçısına gələcək zərbəyə sinələrini verəcəklər! Dayandırın Qaziləri, hərbçiləri incitməyin! Xahiş edirəm! Yüz dəfə xahiş edirəm! Hacı Vəliyevin da haqqını özünə verin!
Məmurlara səslənirəm: Qazimiz, əsəbidir, fikrini, sözünü sərt deyir, bəzən kobud deyir! Biz Qazilər onu anlayırıq, başa düşürük, sizlər də anlayıb, başa düşün! Onun haqqında "hər şeydən narazı" obrazı yaratmayın! Özünüzü onun yerinə qoymağa çalışın!"