Şəhid qardaşı ilə bağlı video qalmaqalına dövlətin ali rəhbərliyindən sərt reaksiya gəlib - Rey Kərimoğlu (VİDEO)
Şəhid Səbuhi Əhmədovun qardaşının "təkzib" videosu ilə bağlı bu rəzilliyi edənlərə qarşı dövlətin ali rəhbərliyindən çox sərt reaksiya gəlib.
AFN.az xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib. "Belə də gözləyirdik! İnşallah, bu şərəfsizliyi düşünən, çəkən və yayanlar çox yaxın zamanda cəzalanacaqlar! Allah dövlətimizi qorusun!" deyə R.Kərimoğlu qeyd edib. “Baku TV”-nin efirində, tanınmış jurnalist Tural Müseyibovun aparıcısı olduğu "Üzbəüz" verilişində bu haqda danışan R.Kərimoğlu vurğulayıb ki, onda olan məlumata görə, dövlətin birinci, ikinci, üçüncü – çox yüksəkrütbəli şəxslərinin bundan xəbəri olmayıb: “Mənə verilən məlumata görə, dövlət rəhbərliyi, ölkənin siyasi hakimiyyəti bilən kimi dərhal qərar qəbul edib ki, o məsələ təcili şəkildə araşdırılsın və günahkarlar cəzalandırılsın. Şəhidin qardaşını hara çağırıblar? Bu, Müdafiə Nazirliyidir? Kimdir bunlar? Bu həssas bir dönəmdə dövlətə çox böyük bir xəyanət idi. Bu, bir sabotajdır. Şəhidə, qaziyə qarşı hörmətsizlikdir. Məqsədyönlüdür”.
Rey Kərimoğlu qeyd edib ki, Qazilər Birliyi baş verənləri pisləyir: “Dövlətimizə güvənirik. Müvafiq orqanlardan bizə məlumat verilib ki, ölkə rəhbərliyi bununla bağlı sərt tədbir görülməsi tapşırığını verib. Siz cənab Prezidentin reaksiyasını görəcəksiniz, onu edənlər cəzalanacaq”.