Oliqarxiyanın xaricdəki kapitalını axtarmaq üçün xəritə sayıla biləcək MƏLUMAT


Mərkəzi Bank (MB) 2019-2020-ci illər üzrə Azərbaycandan xaricə qoyulmuş birbaşa investisiyaların həcmi barədə məlumat açıqlayıb. Son 2 il ərzində xaricə yatırılan birbaşa investisiyaların həcmi 3.9 mlrd. dollara yaxındır. Əvvəlki illərdəki birbaşa yatırımların ölkəyə repatriasiyası nəticəsində 2019-2020-ci illərdə ölkədə xalis birbaşa investisiya çıxışı 3.2 mlrd. dollar təşkil edib.


İqtisadçı ekspert Rövşən Ağayev MB-nin hesabatında investisiyaların hansı sahələrə qoyulduğunun açıqlanmadığını deyib: Onun sözlərinə görə, tədiyə balansı statistikasından görünən budur ki, xaricə yatırılan Azərbaycan mənşəli birbaşa investisiyalarının təxminən 30%-i neft sektoruna bağlıdır: "Çox güman ki, bu SOCAR-ın sərmayələridir. Amma yerdə qalan 70%-in əsasən hansı sahələrə bağlı olması, bu sərmayələrdən faktor gəlirləri kimi ölkəyə hansı həcmdə vəsait daxil olması, bu gəlirlərin ölkənin milli gəlirinin formalaşmasına hansı səviyyədə töhfə verməsi əslində yaxşıca analiz ediləsi mövzudur".

MB-nin hesabatında xaricə birbaşa investisiyaların iqtisadiyyatın sahələri üzrə bölgüsü görünməsə də, ölkələr üzrə statistikası var. R.Ağayev bildirib ki, Türkiyəni saymasaq, 2 ilin nəticələrinə görə ən böyük birbaşa sərmayəçi olduğumuz ölkələrin siyahısı belədir:

1. Lüksemburq - 440 mln. USD

2. Monteneqro - 290 mln. USD

3. Britaniya - 300 mln. USD

4. Rusiya - 236 mln. USD

5. Avstriya - 226.5 mln. USD

6. ABŞ - 224 mln. USD

7. Malta - 187.1 mln. USD

8. Gürcüstan .113.9 mln. USD

9. Sinqapur - 99 mln. USD

10. Niderland - 89 mln. USD

"Bu siyahı həm də yaxşı bir xəritədir - oliqarxiyanın xaricdəki kapitalını axtarmaq üçün xəritə. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun tədiyə balansı metodologiyasına görə, birbaşa investisiya dedikdə 2 mühüm meyar nəzərdə tutulur: 1) sərmayə qoyan tərəfin müəssisənin kapitalında birbaşa iştirakı, sahiblik vasitəsilə müəssisənin idarəçiliyndə səsvermə hüququ yaranır; 2) sərmayədar müəssisənin kapitalının ən azı 10%-nə sahiblik qazanır. Qoyulan sərmayənin həcmi müəssisənin kapitalının 10%-dən az hissəsini almağa yetirsə, bu halda həmin sərmayə çıxışı ölkənin tədiyə balansında "portfel investisiya" kimi qeydə alınır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu