Agentlik: Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, bəzən bu sənədlərlə diqqətlə tanış olmayan, əlillik müddətinə nəzər salmayan şəxslər məlumatsız olduqlarından əlilliyə görə aylıq sosial ödənişlər (pensiya, müavinət, təqaüd) dayandıqda bunu əlilliklərinin ləğv olunması kimi qəbul edirlər. Halbuki həmin sosial ödənişin dayanması əlillik müddətinin bitdiyini göstərir və əlilliyin ləğvi demək deyil. Əlillik müddəti bitən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Bu qərar çox sayda şəxsi əhatə etmiş və onların əlillik müddəti 2021-ci ildə bitir. Ona görə də əlillik müddəti cari ildə bitən şəxslər əlilliyə dair sənədlərinə diqqətlə yanaşmalı və əillik müddətinin bitməsinə bir müddət qalmış yuxarıda qeyd olunan qaydada səhiyyə müəssisələrinə müraciət edərək əlillik müddətinin uzadılmasına dair göndərişin (Forma-88) tərtib edilməsi üçün müayinələrdən keçməlidirlər.