Zərdab rayonunda örüş torpaqları zəbt edilib - ŞİKAYƏT
Zərdab rayonunun Dəkkəoba kəndinin örüş torpaqları, baramaçılığın inkişafı məqsədi ilə salınmış çəkil ağacı bağı bələdiyyə tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilir, örüş torpaqları əkin sahələrinə çevrilir.
Bu barədə AFN-ə müraciət edən bir qrup kənd sakini məlumat verib. Sakinlər bildirirlər ki, örüş sahələrinin qanunsuz istifadəsi, torpaqlarda daş tikili fermaların tikilməsi, örüş ərazilərində əkin sahələrinin salınması ilə bağlı bir çox əlaqədar qurumlara (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsi, Zərdab rayonu İcra Hakimiyyəti) ciddi araşdırmaların aparılması üçün müraciət edərək kömək istəyiblər: "Hər bir qurum tərəfindən müraciətlərimizə verilən rəsmi cavabda 16 nəfər kənd sakininin icarələrində olan örüş sahələrində qanunsuz olaraq əkin işləri apardığı faktı təsdiqlənib. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyindən aldığımız məktubda bu neqativ halla bağlı müvafiq tədbirlər görülməsi üçün Zərdab rayonu Dəkkəoba Bələdiyyəsinə məktub ünvanlandığı da qeyd edilib. Lakin bugünədək heç bir tədbir görülməyib. Örüş torpaqlarımızda əkin sahələrinin salınması davam edir, problem günü gündən daha da dərinləşir. Biz dövlət qurumlarını dəvət edirik ki, gəlib yerində araşdırmalar etsinlər. Dəkkəoba əhalisinə aid örüş təyinatlı torpaqlarda əkin sahələrinin salındığını gəlib gözləri ilə görsünlər. Bu kənddə heyvandarlıqla məşğul olan əhalinin nə zülümlər çəkdiyinin şahidi olsunlar. Yaz ayı olmasına baxmayaraq, bizim heyvanlarımız hələ də tövlələrdədir. Heyvanlarımızı hansı əraziyə aparırıq əkin sahəsidir və yaxud da bir nəfər çıxıb deyir ki, "mən bu ərazini bələdiyyədən almışam". Hələ Sovet dövründə baramaçılığın inkişafı üçün kəndimizin ərazisində tut ağacı bağı salınmışdı. İndi isə o bağdan əsər-əlamət qalmayıb. Bağ sahəsi bələdiyyə tərəfindən icarəyə verilib, bağın ağacları isə qırılaraq ərazi əkin sahəsinə çevrilib. Araşdırma üçün gələn hər kəs qeyd etdiyim mənzərənin şahidi olacaqdır".
Kənd sakinlərinə rəsmi qurumlardan gələn cavabda göstərilir ki, Dəkkəoba bələdiyyəsinin sədri həmin bağda 2500 ədəd yeni tut tinginin əkildiyini qeyd edib: "Ən böyük problem də ondan ibarətdir ki, həmin qurumlar bir kəndin örüş sahələrinin qanunsuz istifadəsinə şərait yaradan bələdiyyə sədrinin sözlərinə inanaraq araşdırma tələb edən yuxarı orqanlara və vətəndaşlara həqiqətdən kənar rəsmi cavablar verir, kənd əhalisinin iştirakı ilə yerində araşdırmalar aparmır. Biz Cənab Prezidentimizin ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaratdığını görürük. Bizə ümid verən də budur. Hələ ki, etdiyimiz bütün kollektiv müraciətimiz nəticəsiz qalsa da, ümidimizi itirmirik, problemlərimizin həll olacağı günü gözləyirik".
Məsələ ilə bağlı Zərdab RİH-dən mövqe almaq istəsək də, aidiyyatı şəxslərlə əlaqə saxlamaq mümkün olmadı.
Dəkkəoba kənd bələdiyyəsinin sədri Elxan Məmmədov AFN-ə açıqlamasında bildirdi ki, bələdiyyənin 419 hektar örüş sahəsi var. 2001-ci ildə 112 hektarı əhalinin ümumi örüş sahəsinə verilib: “Bugünkü gün bəzi icarədarların vaxtı tamam olub, şərtlərə əməl etməyib dayandırmışıq müqaviləni və nəticədə 350 hektar torpaq camaatın istifadəsindədir. O şikayətçiləri mən tanıyıram, onlar məndən torpaq istədilər 10 hektar. Dedim ki, verməyəcəm, versəm, vətəndaşlarımızın hamısına verəcəm. Mən işlədiyim dövrdə bələdiyyənin ehtiyat fondundan icarəyə torpaq verməmişəm. Bircə nəfərdə 10 hektar var, o da mən gələndə artıq hərracı başa çatmışdı, mən təhvil vermişəm. Qalan 69 hektar isə dövlət tərəfindən rəsmi qaydada müxtəlif şəxslərə icarəyə verilib. Tut bağına gəldikdə, düz deyirlər ora tut bağı sahəsi olub kolxoz dövründə. 17 hektar bağ olub. İslahat gedəndə 16 hektarı bizim kəndə qaldı. 2003-də bələdiyyənin qərarı ilə 2 hektar qəbristanlığa veriblər. 1 hektar məscidə verilib, 3 hektar bir vətəndaşa, 10 hektar da bir vətəndaşa verilib. Sonuncu vətəndaş 2500 yeni tut tingi əkib orda”.
E.Məmmədovun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə rəsmi yoxlama gəlib: “İcra Hakimiyyətindən də, Əmlak Komitəsinin regional idarəsindən də gəlib yoxlayıblar. Hər şeyin qaydasında olduğunu görüblər, mənə deyiblər ki, onları məhkəməyə verə bilərsən. Mən bunu etmərəm, el-obadır, hamı bir-birini tanıyır, indi mənim yaşımın elə vaxtıdı ki, gərək yaxşılıq edəm”.