Ermənistanla sərhəddə daha bir hərbi hissə açıldı
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlğı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Çıxışda işğaldan azad edilmiş dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi məsələlərinə ali dövləti qayğı sayəsində qısa müddət ərzində bu ərazilərdə zəruri infrastrukturun yaradılması üzrə işlərin sürətlə davam etdirildiyi, hazırkı hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.
Tədbir iştirakçıları yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.