Şuşa Zirvəsi: tarixin buluşması, dünya güclərinə güc nümayişi!


Brüsseldə NATO Zirvə görüşünün ardından baş tutan Şuşada Şuşa Zirvə görüşü dünyanın diqqət mərkəzində oldu.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldən birbaşa Bakıya gəlişi, səhəri gün Şuşada İlham Əliyevlə böyük buluşması, imzalanan müqavilələr, verilən mesajlar, sadə dildə də, siyasi dildə də baş verən dialoqlar dünya güclərinə güc nümayişi oldu. Siyasi dildə mühüm mesajlar verildi. İmzalanan Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi tarixi müqavilə oldu. Xüsusilə bu sənədin Qars müqaviləsinə əsaslanması Türkiyənin Qarabağda həlledici bir güc kimi meydanda olmasını kanıtladı. Müqavilənin bəndləri haqda çox şərhlər verilib, sənədin əhəmiyyəti haqda hələ çox danışılacaq.

Türkiyə və Azərbaycan prezidentlərinin, hər iki ölkənin birinci xanımlarının iştirakçısı olduğu maraqlı dialoqlar da gündəmə gəldi. Yuxarıda qeyd etdiyimiz sadə dildə verilən mesajlar məhz bu məqamları əhatə edir. Xüsusilə 15 erməni əsirinin müqabilində Ağdamın mina xəritəsinin Azərbaycana verilməsi ilə bağlı dialoqlar maraqlı idi. İlham Əliyevin "Mina xəritələrinin hamısını alsaq, böyük üstünlük əldə edəcəyik, çünki hər yer minalanıb, yoxsa, iş 10 il çəkər" Türkiyənin birinci xanımı Əminə Ərdoğanın "Başqa əsirlər də varmı?" - deyə soruşması, Azərbaycan Prezidentinin "Var, var, çoxdur, o iş yolundadır" - cavabı bir könül xoşluğu dialoqundan əlavə, həm də bir çox tərəflərə mesaj idi. Əvvəla, Ermənistana "ağıllı ol!" mesajı kimi qəbul edilən bu dialoq, digər tərəfdən, Rusiya sülhməramlılarına da işlərini düzgün görmədikləri haqda "qulaqburması" sayıla bilərdi. Eyni zamanda onlara "vəzifənizin öhdəsindən gəlmədiyiniz sürədə belə olacaq: Azərbaycan "yolunu azan" erməni hərbçilərini götürəcək, əvəzində nəsə almamış verməyəcək" - ismarıcı göndərilmiş hesab edilə bilər. Lap apreldə olduğu kimi: hətta Rusiyanın ən yüksək səviyyəli vəzifəliləri belə gəlsə, Azərbaycan Ermənistanı gözüyaşlı qoyacaq.
Ardından gündəm olan, sosial şəbəkələrdə sürətlə yayılan dialoq İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında yaşanıb:

İ.Əliyev: 15 əsir verdik, Ağdamın mina xəritəsini aldıq. Heç bir imzalama da olmadı…

Ərdoğan: Yaxşı, xəritə doğru çıxdımı?

İ.Əliyev: Doğru çıxdı. Çünki amerikalılar zamin durmuşdular…

Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi ABŞ üçün həyati əhəmiyyət kəsb etməsə də, Rusiya ilə münasibətlərdə bu kozırdan daim istifadə edib. İndi də Amerikanın bu prosesdən uzaq durmaması dünya güclərinin diqqətlərinin hələ üzərimizdə olduğunu deməyə əsas verir. Və bu diqqətlərin qarşılığında İlham Əliyevin açıq danışması, "amerikalılar zamin durmuşdu" deməsi ayrı mənzərə yaradır. Bir yandan da aydın olan odur ki, Rusiya sülhməramlıları heç də qaragüruhların dediyi kimi, Qarabağda at oynatmır. Qarabağda söz sahibi olan Azərbaycandır. Görünən odur ki, hələ uzun zaman belə olacaq...

Şuşa Zirvəsi tarixin buluşması, dünya güclərinə güc nümayişi idi...

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu