Rusiya sülhməramlıları bizi yoxlamadan yola saldı - terrorçu ermənilərin Bakıdakı məhkəməsindən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilib.


"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə təqsirləndirilən şəxs ifadə verib. G.Asetryan məhkəmədə bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Azərbaycanın Laçın rayonuna gətiriblər: “Səhər tezdən yola düşəndə Rusiya sülhməramlıları bizi yoxlamadan yola saldı. Dağın ətəyində maşından düşüb, oranı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. Komandirimiz polkovnik-leytenant Arsen Kazaryan idi. Bizi dağın başında bir nöqtədə yerləşdirdi, müşahidə aparırdıq. Orada 10 gündən çox qaldıq. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək, evə qayıdırıq. Biz də həmin gün dağdan aşağı endik. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq. Təslim olub bütün silahlarımızı Azərbaycan əsgərlərinə təhvil verdik".

Hakim Ə.Hacıyev elan edib ki, G.Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə oxunub.

O, istintaqda dindirilən zaman deyib ki, həmin ərazidə Azərbaycan Ordusunun hərbçiləri gələcəyi təqdirdə, silahlı müqavimət göstərməklə bağlı tapşırıq alıblar. G.Asetryan ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən şəxs qismində V.Hakobyan dindirilib. Onun sözlərinə görə, noyabrın ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi dəvət alıb: “Həmin ayın 27-də komissarlıqdan bildirildi ki, gedib ərazidə olan hərbçilərimizin növbəsini təhvil alacağıq, sonra geri qayıdacağıq. Bizə orada silah-sursat verildi və “Ural”la yola düşərək Laçına getdik. Komandirimiz Kazaryan Rusiya sülməramlıları ilə nəsə danışdı. Onlar bizi yoxlamdan yola saldılar. Yenidən yola düşdük, dağın ətəyində maşından düşərək yuxarı qalxdıq. Kazaryan bizi dağın başına çıxartdı və bir neçə gün orada qalmağımızı tapşırdı. Biz də dağda müşahidə aparırdıq. Çadırlar qurduq, ərzaqla təmin edildik. Kazaryanın dediyi vaxt bitdi, lakin bizi dəyişən olmadı. Kazaryan dekabrın 13-də tapşırıq verdi ki, dağdan aşağı düşək, evə qayıdırıq. Dağdan düşəndə yolu səhv saldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. 60 nəfərə yaxın idik, təslim olduq”.

A.Petrosyan dindirilib bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqdan sonra ona və digərlərinə heç bir təzyiq göstərilməyib:

“Saxlanılan zaman bizə insani münasibət göstərildi. Onlar su və siqaret verdilər. Silah-sursatlarımızı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına təhvil verdik”.

Daha sonra məhkəmədə digər təqsirləndirilən Q.Qasparyan ifadə verib. O, dindirilən zaman deyib ki, ötən ilin noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığa çağırılıb: “Laçına getdik, sonra Hadrut istiqamətində dağda məskunlaşdıq. Biz dağdan aşağı enəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq, silahlarımızı da onlara təhvil verərk təslim olduq".

Prokurorun suallarını cavablandıran Q.Qasparyan söyləyib ki, Laçın istiqamətində Rusiya sülhməramlılarının yanından silahları ilə birlikdə keçiblər.

Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqda dindirilən zaman deyib ki, məqsədləri olduqları ərazilərə Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahlı müqavimət göstərmək idi.

Daha sonra prosesdə A.Minasyan, K.Sefilyan, A.Baqasyan və S.Yenqoyan da dindirilib. Onlar da digər təqsirləndirilən şəxslər kimi eyniməzmunlu ifadə veriblər.

Təqsirləndirilən şəxslərin hər birinin istintaqa verdikləri ifadə ilə məhkəmədəki ifadələr arasında ziddiyət yaranıb. Onların istintaqa verdikləri ifadələr elan olunub.

Həmin şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçələri onların olduğu əraziyə yaxınlaşacaqları təqdirdə silahlı müqavimət göstərmək əmri alıblar.

Hakim bildirib ki, cinayət işi üzrə 2 nəfər şahid var: “Onlar da növbəti məhkəmə iclasına dəvət olunaraq dindiriləcək".

Məhkəmənin növbəti prosesi iyulun 2-nə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu