Niyaz Niftiyevin ailəsi Mehriban Əliyevaya müraciət etdi
Binəqədi bələdiyyəsinin həbsdə olan sədri, tanınmış jurnalist Niyaz Niftiyevin ailə üzvləri Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
AFN-in xəbərinə görə, Niyaz Niftiyevin qardaşı Mustafa Niftiyev Bakupost.az -a bildirib ki, müraciət bu gün səhər göndərilib:
“Müraciəti ailə üzvləri adından mən imzalamışam. Orada, ilk növbədə Niyaza qarşı irəli sürülən ittihamlar barədə məlumat verilib və qeyd edilib ki, məhkəmə araşdırması zamanı bu ittihamlar öz təsdiqini tapmayıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çağırılıb dindirilən bütün şahidlər Niyaz Niftiyevin nəfinə danışıblar, ibtidai istintaq zamanı verdikləri ifadələrdən, yəni Bələdiyyə sədri qismində Niyaz Niftiyevə rüşvət vermələri ittihamından imtina ediblər. Eyni zamanda, Bələdiyyənin əvvəlki sədri Mətanət Nəsibov, işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər. Niyaz Niftiyevin onların imzalarını saxtalaşdırması barədə ittihamı inkar ediblər.
Bununla da Niyaz Niftiyevə qarşı irəli sürülən ittihamlar öz əhəmiyyətini itirib. Biz bu və digər faktlara əsaslanıb düşünmüşük ki, Niyaz Niftiyev artıq azadlığa buraxılacaq.
Amma bu zaman məhkəmə prosesində şübhəli məsələlər ortaya çıxıb. Ötən dövrdə məhkəmə prosesi heç bir ciddi səbəb olmadan, müxtəlif bəhanələrlə 7 dəfə təxirə salınıb. Araşdırma prosesi lüzumsuz olaraq 16 aydır ki, uzadılır. Niyaz Nifiteyev barədə bəraət qərarı çıxarılmır, nə də hökm verilmir. Niyaz Niftiyev baş verənlərə etiraz olaraq 10 avqust 2021-ci il tarixdən etibarən aclıq aksiyasına başlayıb, haqq və hüquqlarının bərpa edilməsini tələb edir".
Xatırladaq ki, N. Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.
Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.