Qazilərimiz üçün təmin edilən protezlərin qiyməti açıqlandı
“Bugünədək 7 mindən çox şəxs sosial-psixoloji, reabilitasiya xidmətləri ilə təmin olunub”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AZTV-nin “Hədəf” proqramına müsahibəsində deyib.
“Ən önəmli istiqamətlərdən biri odur ki, əzalarını itirmiş qazilərimiz üçün dünyada mövcud olan ən müasir dördüncü nəsil elektron protezlər təmin edilib.
Rəqəm olaraq qeyd edim ki, öz əzalarını itirən 182 qazimiz var. Artıq onlardan 140-ı protezlərlə təmin olunub. Bu protezlərin dəyəri belədir: itirilən əzanın oynaqlarının sayına görə 30-100 min manat arasında aşağı əzalar üçün, 100-250 min manat arasında yuxarı əzalar üçün sərf olunur.
Bunu tam şəkildə dövlət əvəzsiz olaraq ödəyir. Onların təkrar həyata inteqrasiyası, cəmiyyətdə öz yerlərini tam tapmaları, eyni zamanda, onların sosial və peşə reabilitasiyaları üçün əhəmiyyət kəsb edən proqram uğurla icra olunur”, - nazir qeyd edib.