Baş infeksionist: "Koronavirusa yoluxma arta bilər"
“Pandemiya təcrübəsi bizə göstərir ki, yumşalmalardan sonra hər dəfə yoluxma sayı yenidən artır. Burada əsas məsələ insanların arxayınlaşaraq fərdi qorunma qaydalarına əməl etməməsidir”.
Bunu APA-ya baş infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, yoluxma sayı azaldığı dövrdə insanlar qoruyucu tədbirlərə əməl etmirsə, müəyyən müddət sonra yenidən yoluxma saylarının artdığı müşahidə edilir: “Hətta vaksin olunan şəxslər belə maska taxmalı, sosial məsafəni qorumalı, digər gigiyenik qaydalara əməl etməlidir. Əhalinin vaksinasiyasına bu ilin yanvar ayından başlanılıb. Vaksinasiya sürəti müxtəlif vaxtlarda fərqli olub. Əsasən may ayından sonra peyvənd olunma sürəti artıb. Təbii ki, “Vaksinasiya Strategiyası”nda qoyulan hədəflərə çatmamışıq. Yeni yayılan "Delta ştamm"nı nəzərə almaqla kollektiv immunitetin yaranması üçün əhalinin 80 faizi iki doza vaksin qəbul etməlidir. Amma bu gün iki doza vaksin alan şəxslərin sayı təxminən 3 milyon 800 min ətrafındadır, yəni hələlik ölkədə vaksin almayan kifayət qədər şəxs var. Belə insanların sayı çox olduqca infeksiyanın yayılması üçün münbit şərait yaranır. Ona görə bu proses tezləşməlidir ki, hədəflərə çataq, az da olsa, infeksiyaya nəzarət etmək imkanımız olsun”.
T. Eyvazov qeyd edib ki, müəyyən yumşalmalardan sonra təmasların artması, havaların soyuması insanların qapalı mühitdə toplanmasına səbəb olur: “Xüsusən iş yerlərində, müəyyən ofislərdə insanlar bir-birini tanıdığı üçün maska taxmır, məsafəni gözləmirlər. Bunların hamısı yoluxmanın artmasına xidmət edən faktorlardır. Digər tərəfdən, biz bilirik ki, bu aylarda mövsümi olaraq digər respirator virus infeksiyalarının da artımı baş verir. Bu infeksiyalarla koronavirusun əlamətləri eynidir. Müəyyən şikayətləri olan insanlar ilk olaraq özlərində soyuqdəymə, digər qrip və s. kimi xəstəliklərin olduğunu düşünərək, həkimə müraciət etməyəcəklər və ya etmirlər. Bu da gecikmiş aşkarlanma, ağırlaşmış halların ortaya çıxmasına səbəb olur. Eyni zamanda həmin şəxslər xəstəliyin ilk dövründə daha çox yoluxdurucu olduğundan və izolyasiya olunmadığı üçün infeksiyanın daha çox yayılmasına xidmət edir. Yenə də ehtiyatlı olmaq lazımdır. Əgər hər hansı şikayətlər yaranırsa, həkimə müraciət etmək lazımdır ki, koronavirus infeksiyası vaxtında aşkarlansın. Həmçinin, özünüqoruma tədbirlərinə ciddi əməl etmək lazımdır ki, təkcə koronavirusdan deyil, digər respirator virus infeksiyalarından da özümüzü qoruya bilək”.