Tiflisdə Saakaşviliyə azadlıq tələbi ilə kütləvi mitinq keçirilir -
Tiflisin Azadlıq meydanında keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi mitinq davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya iştirakçılara üçüncü prezidentin müraciətini oxuyub.
M.Saakaşvili Gürcüstana niyə döndüyünü izah edib: “Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”.
Siyasətçinin sözlərinə görə, Gürcüstanı Qərb yoluna qaytarmaq lazımdır: “Biz bir yerdə Gürcüstanı demokratiya, islahatlar və inkişaf mayakına çevirməliyik. Gürcüstanı azad və xilas etmək zamanı artıq yetişib. Bu gün birliyə ən çox ehtiyac var”.
Mitinq müxalifət liderlərinin çıxışları ilə davam etdirilir.
***
Tbilisinin mərkəzi Azadlıq meydanında eks-prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyada ilk öncə oktyabrın 8-də Batumidə baş vermiş faciə nətcəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mitinq iştirakçıları “Yaşasın Gürcüstan!” şüarı səsləndiriblər.
Hazırda səhnədə “Lex-Seni” ləqəbli reper mahnı ifa edir.
***
Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçiriləcək kütləvi mitinqin iştirakçıları Azadlıq meydanında toplaşmağa başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, hazırda aksiyaçılar bir neçə istiqamətdən “Mişa!” şüarı səsləndirərərk Azadlıq meydanına doğru yürüş edirlər.
Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi aksiyada müxalifətçilər və üçüncü prezidentin tərəfdarları iştirak edirlər.
“Mişaya azadlıq!” şüarlı mitinqə müxtəlif bölgələrdən çoxsaylı iştirakçılar qatılıb.
Aksiyada M.Saakaşvilinin müraciəti oxunacaq.
Mitinq ilə bağlı şəhərin Respublika meydanından Azadlıq meydanına qədər olan mərkəzi avtomobil yolu bir neçə saat öncə bağlanıb. Meydan ətrafına əlavə polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavi həbsxanasındadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.