Saakaşvili tərəfdarlarını etirazları davam etdirməyə və bütün ölkəyə yaymağa çağırdı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xarici agentlərlə bağlı qanun layihəsinin qəbul edilməsinə qarşı mitinq keçirən tərəfdarlarını etirazları davam etdirməyə və bütün ölkəyə yaymağa çağırıb.
Bu barədə "İnterfaks" məlumat yayıb.
"Güc yalnız birlikdədir. Təbii ki, etiraz aksiyaları davam etməli və bütün Gürcüstanı əhatə etməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qalib gələcəyik", - o bildirib.
Saakaşvili bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərinə qədər birləşməyə çağırıb.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti xarici agentlərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.