Rövşən Əkbərova hökm oxundu - YENİLƏNİB
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökm elan edilib.
Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir.
R.Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib.
***
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib. O, R.Əkbərova bəraət verilməsini xahiş edib.
Daha sonra təqsirləndirilən şəxs də son söz deyib. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə müşavirəyə yolanıb.
Xatırladaq ki, prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.