Rusiya XİN: "Qarabağla bağlı üçtərəfli bəyanata ümumilikdə riayət olunur"
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddəalara ümumilikdə riayət olunur.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın ildönümünə həsr olunan bəyanatında deyilir.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək göstərəcək, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi məsələləri ilə bağlı bütün səviyyələrdə əlaqələrin genişləndirilməsinə yönəlmiş dinc təşəbbüsləri dəstəkləyəcəyik. Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ictimaiyyət nümayəndələri arasında dialoqa da dəstək verməyə hazırıq.
Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı fayda kəsb edən regional əməkdaşlığın inkişafına tərəfdarıq”, - Rusiya XİN-in bəyanatında deyilir.
Rusiya xarici siyasət idarəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında öz əksini tapmış Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri öz tərəfdaşları ilə birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətində olduğu qeyd edilir.
Bundan başqa, bəyanatda Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasının, delimitasiya, ardınca isə demarkasiya prosesinin tezliklə başlanılmasının vacibliyi vurğulanır.