Azərbaycanlı iş adamı Rusiyada həbs edildi
Rostov-na-Don məhkəməsi Rostov vilayətində cinayətkar qruplaşma təşkil etməkdə şübhəli bilinən və federal axtarışda olan azərbaycanlı iş adamı Kərim Babayevi həbs edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında deyilir. Kərim Babayevə qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə də ittiham irəli sürülüb.
Xatırladaq ki, aprelin 28-i Rusiyanın güc strukturları Rostov vilayətinin Aksay rayonunda təxminən 3,5 min hüquq-mühafizə əməkdaşının iştirakı ilə azərbaycanlı iş adamı Kərim Babayevə məxsus bir neçə bazarın ərazisində xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Kərim Babayevə məxsus “Atlant”, “Klassik”, “Almaz” və “Ovoşnoy” bazarlarında ən az 460 qanunsuz miqrant saxlanılıb. Saxlanılanların Əfqanıstan, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları olduqları bildirilib.
Əməliyyat Kərim Babayevin 20 il əvvəl təşkil etdiyi cinayətkar qruplaşmada iştirak etmək, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən və aprelin ortalarında saxlanılan Aksay rayon administrasiyasının rəhbəri Vitali Borzenkonun işi ilə əlaqədar olub.
Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da, qalanları barədə cinayət işi başlanılıb.
Bu hadisələrdən sonra Kərim Babayevin Türkiyə üzərindən Azərbaycana qaçdığı deyilirdi.