İcbari tibbi sığorta çərçivəsində əməliyyatlar növlərinə qoyulan limitin sayı artırılacaq
"Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub. Bu da Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkə üzrə göstərilən məhdud xidmətləri sırasındadır".
"Report" xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.
Onun sözlərinə görə, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır: "Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcək dövrlər üçün həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır".
Şöbə müdiri bildirib ki, Xidmətlər Zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib: "Hazırda zərfə 2 550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavə edilməsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə, müəyyən təsnifat kodları dəyişdirilə bilər".