Elmar Məmmədyarov oğluyla bağlı məhkəmə işinə aydınlıq gətirdi
E.Məmmədyarov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nyu York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu York əyalət məhkəməsi (New York County Courts) artıq işə bir il əvvəl baxıb və bu söhbət bağlanıb:
"2020-ci ilin oktyabr ayında bank bu iddianı qaldırmışdı. Elə ötən il məhkəmə oldu və vergi borcunu ödədikdən sonra söhbət bağlandı. İndi kiməsə lazımdır ki, bu söhbəti yenidən tirajlayır. Yəqin kiməsə lazımdır ki, Elmar Məmmədyarov yaddan çıxmasın, ölkədə hörmətdən düşsün. Qəsdən yazdırırlar. Bu da yaxşıdır. Elmar Məmmədyarovun nüfuzu o qədər yüksəkdir ki, o adamlar sakit durmurlar. Ona görə də yazdırırlar”.
E.Məmmədyarov övladına Nyu Yorkda Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzilin qiymətinin 4.5 milyon olmadığını da bildirib:
"Bu məbləğ kifayət qədər şişirdilib. Mənim övladlarım ABŞ-da yaşayır, orada böyük şirkətlərdə çalışır və kifayət qədər böyük maaş alırlar”.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə Nyu York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. Vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib. Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.