Azərbaycan Ordusunun yanğından mühafizə komandalarının toplanışı keçirilib
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin qərarı ilə təsdiq edilən müvafiq təlimata uyğun təşkil olunan toplanışda heyət üçün “Əlverişsiz şəraitlərdə yanğınların söndürülmə xüsusiyyətləri” mövzusunda məşğələ keçirilib.
Hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələdə aşağı temperaturlarda, su çatışmazlığı, güclü külək və tüstülənmə zamanı yanğınların söndürülməsinə dair suallar müzakirə edilib.
Sonra “Tam döyüş açılışı” mövzusunda praktiki məşğələ keçirilib. Məşğələnin şərtlərinə görə şəxsi heyət həyəcan siqnalı ilə şərti yanğın komandasını icra edib. Şərti yanğın yeri, əşya-əmlak saxlancı təyin olunub. Şərti yanğının söndürülməsi tapşırığı müvəffəqiyyətlə icra edilib.