FIFA futbolçular üçün yeni icarə qaydaları tətbiq edib
FIFA futbolçuların yeni icarə qaydalarını təsdiqləyib.
Əsasnamədə dəyişikliklər 2022-ci ilin iyulundan qüvvəyə minəcək.
Yeni icarə qaydalarına əsasən, Gələn mövsümdən yazılı razılıq vacib icarə şərti sayılacaq. Burada icarə şərtləri - davametmə, maliyyə məqamları və s. əksini tapacaq. İcarənin minimal müddəti iki transfer pəncərəsi arasındakı interval, maksimal müddət bir il olacaq.
Eyni klublardan icarəyə götürülmüş futbolçuların sayına limit qoyulacaq. Yəni, mövsüm ərzində bir klub digərinə 3-dən çox futbolçu icarəyə verə və ya digərindən 3-dən çox futbolçu icarəyə götürə bilməyəcək.
Mövsüm ərzində icarəyə götürülən oyunçuların sayı da məhdudlaşdırılacaq. 1 iyul 2022-ci ildən 30 iyun 2023-cü ilədək hər hansı klub 8-dən çox oyunçu icarəyə verə və ya götürə bilməyəcək.
1 iyul 2023-cü ildən 30 iyun 2024-cü ilədək eyni sistem qüvvədə olacaq. Lakin icarəyə verilən və ya götürülən oyunçuların maksimal sayı 7 olacaq.
1 iyul 2024-cü ildən isə bu say 6-ya enəcək və daimi əsasda saxlanılacaq.(Report)