“Ermənistan kütləvi məzarlıqların dəqiq koordinatlarını verməlidir”
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
Görüş zamanı Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçiriliv.
Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb..
Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.
Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.
Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.
Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.