Qurban Qurbanova UEFA-nın Feyr Pley mükafatı verilə bilər - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
“Qarabağ” UEFA Avropa Konfrans Liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, “Qarabağ” qrup mərhələsini uğurla keçdi və pley-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir feyr-pley nümunəsi göstərdi”.
AFN.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov affa.az-a açıqlamasında deyib.
O, UEFA Avropa Konfrans Liqası çərçivəsində fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Qarabağ” – “Marsel” oyununun gedişində qeydə alınmış maraqlı və özündə feyr-pley nümunəsi ehtiva edən epizodla bağlı danışıb:
“İbrahima Vadjinin əl ilə toxunuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq.
Qurban müəllimin və “Qarabağ”ın futbolçularının bu addımı sözün əsil mənasında təqdirəlayiqdir. Rəhbərlik etdiyim UEFA Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq”.