Rəfail Becanov: “Sülhməramlılar özlərini bələdçi, keşiş, Qırmızı Xaç Komitəsinin nümayəndəsi kimi aparırlar”
“Qanunsuz erməni hərbi birləşmələri yenə fəallaşıblar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki fəaliyyəti isə sülhməramalılıq yox, erməni hərbi birləşmələrini gizli fəallaşdırmaq, Azərbaycana qarşı mümkün təxribatlara sövq etməkdir. Belə olmasaydı, ermənilər cürət edib ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini atəşə tuta bilməzdi”.
Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov bildirib.
O qeyd edib ki, dəfələrlə etirazlara, xatırlatmalara baxmayaraq, sülhməramlılar öz üzərlərinə düşən vəzifəni icra etmirlər:
“Onların vəzifəsinə həm də qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması daxildir. Lakin onlar öz vəzifələrini icra etmək, sabitliyi qorumaq və silahlı qarşıdurmanı önləmək əvəzinə fəaliyyətlərinə aid olmayan işlərlə - bələdçiliklə, keşiş rolunu ifa etməklə, yardım paylamaqla məşğul olurlar. Erməniləri gah Xudavəng monastrına müşayiət edirlər, gah hansısa erməni məktəbində açıqça, gah da ermənilər məskunlaşan kəndlərdə su, ərzaq paylayırlar. Özlərini sülhməramlı kimi deyil, Qırmızı Xaç Komitəsinin nümayəndəsi kimi aparırlar.
Erməni xalqı da, onun indiki və keçmiş rəhbərliyi də, qanunsuz hərbi birləşmələrin başçıları da 44 günlük müharibədə Azərbaycan ordusunun gücünü görüblər. Rusiya sülhmərmalılarının öz işinin öhdəsindən gəlməməsinə görə Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququ var”.
R.Becanov qeyd edib ki, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymadan ermənilərin Azərbaycan mövqelərini atəşə tutması və sülhməramlıların seyrçi mövqeyi bu əməliyyata başlamaq üçün tam yetərlidir.