DYP dumanlı hava ilə bağlı sürücülərə müraciət etdi


Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.


Müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".

Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu