BMT Ukraynada müharibədə ölən dinc sakinlərin sayını açıqlayıb
Rusiyanın fevralın 24-dən aprelin 18-dək Ukraynaya hərbi hücumu nəticəsində 2 104 dinc sakin ölüb, 2 862 mülki şəxs yaralanıb.
AFN.az “Report”a istinadən xəbər verir ki, məlumatı BMT-nin insan hüquqları üzrə ali komissarının idarəsi yayıb.
Bildirilib ki, öldürülən 2 104 nəfərin 556-sı kişi, 333-ü qadın, 39-u qız və 60-ı oğlan, 71-i uşaq və həmçinin cinsi hələ məlum olmayan 1045-i böyük dinc sakindir. Yaralanan 2 862 dinc sakinin 331-i kişi, 264-ü qadın, 59-u qız və 63-ü oğlan, o cümlədən 155-i uşaq, habelə cinsi hələ məlum olmayan 1990-ı yaşlı dinc sakindir.
Hesabata əsasən, ən çox itki 2 129 nəfər (739 ölü və 1390 yaralı) Donetsk və Luqansk vilayətlərində qeydə alınıb. Qondarma “respublikalar” ərazisində 399 itki (79 ölü və 320 yaralı) olub.
Ukraynanın başqa regionlarında - Kiyev şəhəri, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Kiyev, Nikolayev, Odessa, Sumi, Zaporojye, Dnepropetrovsk, Poltava və Jitomir vilayətlərində hakimiyyətin nəzarətində olan ərazilərdə 1365 nəfər ölüb və 1472 mülki şəxs yaralanıb.