Ukrayna ABŞ-ın göndərdiyi haubitsalardan istifadə etməyə başlayıb
ABŞ-ın Ukraynaya göndərdiyi 155 millimetrlik haubitsalar artıq cəbhədə istifadə edilir.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar keçirdiyi brifinqdə deyib.
“Javelin”lər və “Stinger”lərlə yanaşı, artıq 155 millimetrlik amerikan haubitsaları da cəbhədə istifadə edilir. Biz yardım addımlarının sürətləndirilməsi istiqamətində işləyirik, bu bizim əsgərlərimizin həyatı deməkdir”, - nazir müavini qeyd edib.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın Ukraynaya göndərməyə razılaşdığı 90 haubitsanın 89-u artıq Ukraynaya çatdırılıb.
Anna Malyar vurğulayıb ki, Kiyevin xarici tərəfdaşlarının göndərdiyi silahlar Rusiyanın Ukraynanın nəqliyyat infrastrukturunu dağıtmaq səylərinə baxmayaraq, rutin şəkildə tədarük etdirilir: “Biz artıq böyük miqdarda silahlar qəbul etmişik. Amma indi biz silahların Ukraynaya ritmik tədarükü mərhələsinə daxil olmuşuq”.
Anna Malyar əlavə edib ki, bütün bu yardımlar Ukraynaya uzunmüddətli münaqişəyə davam etmək imkanı verəcək: “Biz müharibənin yeni mərhələsinə daxil oluruq. Rusiya özünü “texnika müharibəsi”ndə qalib gələ bilməyəcəyi bir vəziyyətə çəkir”.
O, Ukraynanın tədarük xətlərinin gücləndirildiyini də vurğulayıb. Diqqətə çatdırıb ki, Ukraynanın yerli müdafiə sənayesinin inkişafı üçün strateji addımlar atılıb və yerli istehsalçılara ilin sonunadək hərbi sifarişlər verilib.