Ukrayna MN: Rusiya hərbi rəhbərliyimizə qarşı sui-qəsd etmək istəyir
“Rusiya hərbi rəhbərliyimizə qarşı sui-qəsd etmək istəyir”.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, bu, qarşı tərəfin ən böyük hədəfidir: “Çünki rəhbər şəxslərin, o cümlədən Baş Qərargah rəisi Valeri Zalujninin öldürülməsi bizim üçün böyük itki olacaq, bu da müharibənin gedişatına təsir edə bilər. Odur ki, rəhbər şəxslərin həyatı üçün daim təhlükə var”.
A.Malyar bildirib ki, Rusiyanın Ukrayna Müdafiə Nazirliyinin rəhbər şəxslərinin öldürülməsinə dair yaydığı iddialar təsadüfi deyil: “Əlbəttə, bunlar dezinformasiyadır. Bunu dəqiqləşdirmək asandır. Onlara zəng edərək hər şeyin yaxşı olduğundan əmin ola bilərik. Amma bu, təkcə informasiya müharibəsi deyil. Görünür, ruslar artıq bu cəhdləri planlaşdırır və nəticəni əvvəlcədən elan edirlər.
Nazir müavini vurğulayıb ki, rəhbər şəxslərin təhlükəsizliyinin təmin olunması daim diqqətdədir.