66 milyonluq tenderin qalibi olan şirkəti kim himayə edir?


Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərin əksəriyyətinin yüksək vəzifəli məmurlara aid olması barədə yerli mətbuatda dəfələrlə yazılıb. Əsasən tikinti sahəsində fəaliyyət göstərən bu şirkətlərin yaradılmasında məqsəd dövlət satınalmalarında onun iştirakını təmin etmək və bu şirkətləri aiddiyatı instansiyalarla olan əlaqələr hesabına qalib elan etməkdir.


AzFakt.com xəbər verir ki, arxasında yüksək vəzifəli məmur dayandığı iddia olunan şirkətlərdən biri də "Rövşən Oğuz Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətidir. "Rövşən Oğuz Qrup" MMC-nin arxasında Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun dayandığı deyilir.

Öncə qeyd edək ki, "Rövşən Oğuz Qrup" MMC 2009-cu ildə təsis edilib. Lakin indiyədək bu tikinti şirkəti ölkə miqyasında heç bir tikinti işləri aparmayıb. "Rövşən Oğuz Qrup" MMC Eyvaz Qurbanov 2011-ci ildə Oğuz rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra bu rayonda abadlıq-quruculuq, təmir-tikinti sahələri üzrə işlər aparıb. Dövlət büdcəsi hesabına aparılan bu işlərdə sifarişçi Oğuz rayon İcra Hakimiyyəti olub.

Lakin sonradan Eyvaz Qurbanovun dəstəyi ilə "Rövşən Oğuz Qrup" MMC dəyəri on milyonlarla ölçülən layihədə qalib elan edilib. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işləri üzrə sifarişçi olduğu tender üzrə qalib elan edilən "Rövşən Oğuz Qrup" MMC bir neçə ildir ki, layihə üzrə işləri davam etdirir. İndiyədək dövlət büdcəsindən bu iki layihənin inşaasına 66 milyon manatdan çox vəsait xərclənib.

Lakin hələ də bu tikinti işlərinin nə zaman yekunlaşacağı deyilmir.

İddialara görə Oğuz rayonunun İcra başçısı "Rövşən Oğuz Qrup" MMC-nin rəhbərini şəriklikdən əlavə həm də dostluq, qonşuluq münasibətləri birləşdirir.

Belə ki, "Rövşən Oğuz Qrup" MMC-nin rəhbəri Hafiz Mustafayevlə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov paytaxtın Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində qonşu olan lyuks binalarda bahalı mənzilləri var.

Xatırladaq ki, "Rövşən Oğuz Qrup" MMC-nin nizamnamə kapitalı qırx manatdır. Şirkətin rəhbəri Hafiz Mustafayevə 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə "Əməkdar mühəndis" fəxri adı verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu