Rəsmi İrəvan da Zəngəzur dəhlizinin açılacağını təsdiqlədi - Qriqoryandan açıqlama
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı suallara cavab verib.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarından sonra verdiyi bəyanatda deyilirdi ki, tərəflər Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisi və Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə kommunikasiyaların açılmasına dair razılaşma əldə ediblər.
Qriqoryan “Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə” ifadəsini belə izah edib: “Söhbət ondan gedir ki, məsələn, Ermənistan vətəndaşları və yükləri Yerasxdan Meğriyə və ya əksinə çatmaq üçün Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcəklər. Eyni prinsiplər üzrə Azərbaycan vətəndaşları və yükləri də Horadizdən Naxçıvana Ermənistan ərazisi ilə keçəcəklər”.
Jurnalistlər Qriqoryandan soruşublar ki, Ermənistanın bir hissəsindən başqa hissəsinə keçilməsi üçün niyə Naxçıvan ərazisindən istifadə olunmalıdır?
Təhlükəsizlik Şurasının katibi bunu belə izah edib ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən dəmir yolu Naxçıvandan keçir. Qriqoryan deyib: “Müzakirə olunan mövzu regionda bütün kommunikasiyaların açılmasıdır. Buna görə də bu açılmanın prinsipləri məsələsi həll olunmalıdır. Müzakirələr bu məntiqlə gedir”.
Armen Qriqoryan xatırladıb ki, habelə Ermənistan Respublikasının Naxçıvan ərazisi ilə İrana və Azərbaycanın şərq regionları vasitəsilə Rusiyaya çıxışı müzakirə olunur.
Qeyd edək ki, Qriqoryanın açıqlaması rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılmasını faktiki olaraq təsdiqləməsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.
Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirib.
Dövlət başçısı Bürüsseldə həmçinin həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.