Uroloq Araz Bayramovla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarı sual altında qaldı - Apellyasiya məhkəməsi yenidən ekspertiza keçirilməsini tələb edir!
Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və möcüzə nəticəsində sağlamlıq məhdudiyyəti ilə həyatda qalması problemi ictimaiyyətə məlumdur. Appelyasıya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə bu gün növbəti iclas keçirilib. Qeyd edək ki, bugünə qədər keçirilən ekspertiza rəyində verilən saxta qərarlar 20 may tarixində keçirilən məhkəmənin əsas müzakirə mövzusu olmuşdu. İddiaçının vəkili Yusif Seyfəlov Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi ekspertiza rəyindəki qeyri-müəyyən və əsaslandırılmamış “fakt”lara aydınlıq gətirilməsini istəmiş və idda etmişdi ki, qərar qərəzlidir. Bu səbəbdən də yenidən ekpertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırılmışdı.
Bugünku iclasda hakim Məmməd Məmmədov vəsatətin təmin olunduğunu və həqiqətən də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi ekspertiza rəyində konkret suallara cavab verilmədiyi ilə razılaşdığını bildirib. Növbəti məhkəmənin qeyri-müəyyən vaxta təyin olunduğunu və işin yenidən Ekspert rəyi fonunda araşdırılmasının Appelyasiya Məhkəməsinin qərarı üçün vacibliyini bildirib.
Məhkəmənin qərarına etiraz fonunda çıxış etməyə çalışan uroloq-androloq Araz Bayramovun vəkili Asif Mədətov daha əvvəlki məhkəmələrdə etdiyi iddialarla bağlı Appelyasiya Məhkəməsinin müvafiq qurumlara, yəni 39 saylı şəhər Poliklinikasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Anarın uşaqlıqdan qüsurlu olması və guya müxtəlif illərdə əlilliklə bağlı müraciət etdiyi üçün Məhkəmədən rəsmi cavab tələb edib. Halbuki, zərərçəkənin həyat yoldaşı tanınmış telejurnalist Günel Gözəlova hər iki instansiyaya rəsmi müraciət etdiyini və aldığı rəsmi cavabları ictimailəşdirmişdi.
Qeyd edək ki, Zərərçəkən Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında cavabdeh olan, “Buta” Klinikasının direktoru, uroloq-androloq Araz Bayramov ilə məhkəmə prosesi artıq 10 aydır ki, davam edir. Bugünə qədər nə hadisəni bütün təfərrüatı ilə görən “Buta” klinikasının həkim-tibb personalı, nə xəstəni əməliyyatdan çıxan andan görən ailə üzvləri, iş yoldaşları, qohumları, Klinikaya ailənin öz hesabına apardığı həkimlər, bir sözlə heç bir şahid dindirilməyib.