Ölkədə qonaq evlərinin sayının artımı hotellərin qiymətinə təsir edəcək - Turizm Bürosu
Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur.
Bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib.
Onun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar: “Düşünürəm ki, bu tendensiya regionlarda sahibkarlar tərəfindən bir çox maraqlı məkanların ərsəyə gəlməsinə şərait yaradıb. Bu gün regionlarda turistlər üçün münbit imkanlar yaradılıb. Artıq hotellərə alternativ olaraq qonaq evlərinin sayı sürətlə artır. Maraqlı konsepti olan gecələmə yerləri var, "rainway hous”ları nümunə çəkə bilərik. Bu kimi evlərin sayı günbəgün artır. Sahibkarlar görürlər ki, artıq yerli turistlər bu kimi evlərə üz tuturlar. Belə olan halda sahibakların da bu tipli evlərin yaradılmasına maraqları artır və bu sahədə rəqabət formalaşır”.
O əlavə edib ki, bayram günlərində, yəni tələbin çox olduğu günlərdə hotellərdə qiymət artır, qonaq evlərinin Azərbaycanda sürətlə yayılması və inkişafı , artıq bazarda rəqabətə gətirib çıxaracaq, çünki artıq qonaq evlərinə böyük investisiya yatırırlar: “Qonaq evlərindəki şərait hotellərdəki xidmətdən geri qalmır. Ölkədə kifayət qədər maarifləndirmə işləri aparılır ki, qonaq evlərində xidmət səviyyəsi daha da yüksəlsin”.
H.Məmmədov deyib ki, Dövlət Turizm Agentliyi, yerli qeyri-hökumət təşkilatları Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar müvafiq istiqamət üzrə çalışırlar: “Həmçinin, Turizm Agentliyinin dövlət qurumları ilə birgə layihəmiz ərsəyə gəlib. Layihə kəndlərdə sahibkarlığın inkişafı ilə bağlı, kənd evlərinin infrastrukturunun təkmilləşdirilməsi, kənd evlərinə keyfiyyətli inventarların təqdim edilməsi ilə bağlı idi. Son bir il ərzində 70-dən çox kənd evinə, qonaq evinə inventarlar təqdim edilib. Eyni zamanda, bu evlərdə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı işlər görülüb. Həmçinin, müvafiq sahibaklara müntəzəm olaraq təlimlər həyata keçirilir. Bu günə qədər qonaq evləri gizli və illeqal fəaliyyət göstərirdisə, artıq sevindirici haldır ki, qonaq evləri “VÖEN”lərini açırlar və vergilərini ödəyirilər”.