Avtomobildə gizlədilən külli miqdarda dərman preparatları aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman vasitələrinin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Actors” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını, mal müşaiyət sənədlərində göstərilən “tekstil materiallardan ibarət keçə ortopedik döşəklərin istehsalında istifadə olunan sərt mallar” yükü olduğunu bildirib.
Daha sonra yük avtomobili rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə olunub. Təkrar yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin sol tərəfinin örtüyü qaldırılıb və mal müşaiyət sənədlərində göstərilməyən 57 irihəcmli karton yeşiklərə qablaşdırılan 2156 qutu müxtəlif adda dərman vasitələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.