Ton yarımdan çox narkotik vasitə dövriyyədən çıxarılıb - Elşad Hacıyev
Daxili işlər orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisində cari ilin 5 ayı ərzində qeyri-leqal dövriyyədən 1 ton 571 kiloqram narkotik vasitə və 191,5 kiloqram psixotrop maddə çıxarılıb.
AFN.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, eyni zamanda 97 nəfərdən ibarət 33 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Narkotiklərlə əlaqədar bütövlükdə 4783, o cümlədən satışı ilə bağlı 1713 cinayət faktı aşkarlanmışdır. Bu növ cinayətlərə görə 2990 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının aşkar edilməsi yönümündə də xüsusi əməliyyatlar keçirilərək - ümumi çəkisi 500 kiloqrama yaxın kultivasiya edilmiş çətənə kolları aşkar edilib. Bu və digər müsbət nəticələrin əldə olunması polis əməkdaşlarının nümunəvi xidməti və fədakar əməyi hesabına mümkün olub.