Dövlət Gömrük Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, Səfər Mehdiyev qəbuldan öncə Qobustan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qobustan və Şamaxı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.