Hovuzda dincələn qadınları çəkib aşağıladı
Sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb.
AFN "qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərin Nabranda yerləşən istirahət mərkəzlərindən birində çəkildiyi ehtimal edilir.
Sözügedən şəxs "magerramoff" adlı profillə "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, yayılan görüntülərdəki hadisə barəsində məlumat var: “Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qeyd edək ki, sözügedən şəxs videodakı qadınların üzünü açıq şəkildə çəkib paylaşıb. Etik olmadığını nəzərə alaraq videonu qadınların üzü gizlədilmiş şəkildə təqdim edirik: