DYP qulaqcıqlarla bağlı əhaliyə MÜRACİƏT ETDİ


Baş Dövlət Yol Polis İdarəsi sürücü və piyadalara müraciət edib.

İdarədən AFN-ə daxil olan müraciətdə deyilir:

"Yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır, bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərlə rastlaşırıq. Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli olur.

Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, aramla hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozursa, araməsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan, nəticəsinə görə cavabdehlik daşıdığından xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir.

Sözsüz ki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir. Bir sözlə, hər bir peşə sahəsində olduğu kimi, nəzərə alsaq ki sürücülük özü də bir peşədir, sürücü həmişə öz üzərində çalışmalı, yollarda diqqətli və məsuliyyətli olmalıdır. Hətta istənilən peşəkar sürücünün belə, ani diqqətsizliyi, məsuliyyətsizliyi faciəvi qəzaya səbəb ola bilər.

Piyadaların da diqqətinə bir daha çatdırırıq ki, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu